CƏMİYYƏT
Beynəlxalq konfransda Azərbaycanda sosial sahədə rəqəmsal həllərin geniş tətbiqinə dair məlumatlar verilib
Bakı, 7 may, AZƏRTAC
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) təşkilatçılığı ilə Estoniyanın paytaxtı Tallində Sosial təminat sahəsində informasiya-kommunikasiya texnologiyaları üzrə 16-cı Beynəlxalq Konfrans keçirilir.
Konfransda ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov təmsil edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin ilk günündə BSTA-nın baş katibi Marselo Abi-Ramia Caetano ilə görüşən O.Salahov Azərbaycanda sosial sahədə aparılan islahatları, İKT-nin tətbiqi sahəsində görülən genişmiqyaslı işləri qeyd edib. Ölkəmizdə sosial sahədə İKT üzrə formalaşan kadr potensialını, sosial xidmətlərin elektronlaşdırılması və proaktiv qaydada təqdim edilməsi istiqamətində əldə olunan uğurları və perspektivləri diqqətə çatdırıb.
Tədbirin “Qabaqcıl e-xidmətlər və rəqəmsal transformasiyalar” sessiyasında panelçi qismində iştirak edən O.Salahov Azərbaycanda sosial sahədə rəqəmsal həllərin geniş tətbiqinə dair ətraflı məlumat verib.
Ölkəmizdə dövlət sosial xidmətlərinin elektron müstəvidə, həmçinin proaktiv qaydada vətəndaş məmnunluğuna uyğun qurulması üçün aparılan ardıcıl və genişmiqyaslı işlər, bu sahədə uğurlu iş təcrübəsi və əsas hədəflər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, konfransda texnoloji dəyişikliklər və yeniliklər üzərində qurulmuş rəqəmsal transformasiya strategiyaları, analitika, məlumatlar və süni intellektdən istifadə edərək məlumatlara (data) əsaslanan sosial təminat, təşkilatlararası koordinasiya üçün uyğunluq və məlumat mübadiləsi və digər məsələlər müzakirə olunur.