ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda Azərbaycanın elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs olunub
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Yunanıstanın Saloniki şəhərində Aristotel Universitetinin ev sahibliyi ilə keçirilən Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin (BSUN – Black Sea Universities Network) 2018-ci il konqresində və rektorların XIII konfransında iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, konfransa Azərbaycan da daxil olmaqla 11 ölkənin 35 ali təhsil ocağından rektorlar və nümayəndələr qatılıblar. BMT-nin Davamlı İnkişaf Planının həyata keçirilməsinə yardım məqsədilə təşkil olunan tədbir Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik yubileyinin qeyd olunması ilə başlayıb.
Konfransda Azərbaycanın son illər elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən, o cümlədən bu təşkilata verdiyi töhfələrdən, Rumıniyanın elm mərkəzləri ilə BDU arasında nanotexnologiyalar sahəsində aparılan işlərin uğurlu nəticələrindən bəhs edilib.
Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinə BDU-nun rəhbərlik etdiyi 2002-2004-cü illər intibah dövrü kimi qiymətləndirilib. Şəbəkənin daimi katibliyinin məhz bu illərdə BDU rektoru, akademik Abel Məhərrəmovun rəhbərliyi ilə yaradıldığı qeyd olunub.
Tədbirdə məruzə ilə çıxış edən akademik A. Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmə və təhsilə göstərdiyi qayğıdan, bu sahədə aparılan uğurlu islahatlardan, təhsil müəssisələrinin inkişafından danışıb.
Akademik A.Məhərrəmova Assosiasiyanın yubiley mükafatı təqdim olunub.
Konfransda, eyni zamanda, 2019-cu ildə BDU-nun 100 illik yubileyinin UNESCO və İSESCO ilə yanaşı, BSUN-un dəstəyi ilə qeyd olunması barədə qərar qəbul edilib. A.Məhərrəmovun müəllifi olduğu Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik dövrünü əhatə edən kitab iştirakçılara təqdim edilib.
BSUN-un İdarə Heyətinin sədri, professor Eden Mahmut Azərbaycanın nüfuzlu təşkilata verdiyi töhfələri yüksək dəyərləndirib.
Konfransda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı məruzələrlə çıxış ediblər.