ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda Elm Tarixi İnstitutunun direktorunun məruzəsi dinlənilib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulovanın dəvəti ilə Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Məryəm Seyidbəyli ezamiyyət çərçivəsində Sankt-Peterburqda “Elmi Peterburq Rusiya Elmlər Akademiyasının 295 illiyinə doğru” 40-cı beynəlxalq illik elmi konfransda da iştirak edib. O, konfransda “Sankt-Peterburq aliminin Azərbaycan səhiyyəsinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.
Beş gün davam edən konfransa Rusiya Federasiyasının müxtəlif bölgələrindən, MDB və dünyanın digər ölkələrindən qatılan alimlər müxtəlif elmlərin tarixinə dair məruzələr səsləndiriblər.
Səfər çərçivəsində Məryəm Seyidbəyli rusiyalı alimlər – Nadejda Aşeulova, Yuri Baturin, o cümlədən Ukrayna və Belarusdan olan elm xadimləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.
Məryəm Seyidbəyli AMEA və REA-nın elmi-tədqiqat müəssisələrinin birgə həyata keçirdiyi layihələr, imzalanan ikitərəfli müqavilələr barədə məlumat verib.