ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının məruzələri dinlənilib
Bakı, 5 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova Türkiyədə hibrid formada keçirilən “II Beynəlxalq Xarakteristika Simpoziumu”nda məruzə ilə çıxış ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə Şəfəqət Mahmudova “İntellektual proqram sistemi və intellektual interfeys üçün metodun işlənməsi” mövzusunda məruzəsini təqdim edib. Ş.Mahmudova məqalədə əlaqəli işlər və intellektual proqram sistemlərinin sintezi barədə məlumat verildiyini, tətbiq sahələrinin müəyyən edildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, qərarların qəbul olunmasında sintez məsələsi araşdırılıb, intellektual proqram sisteminin sintezi üçün metod işlənib.
Konfransda “Sənaye 4.0 mühitində mütəxəssislərə olan tələblər: problemlər və həlli yolları” mövzusunda məruzəni isə Rəsmiyyə Mahmudova təqdim edib. R.Mahmudova tədqiqat çərçivəsində sənaye 4.0 mühitində rəqəmsal texnologiyaların tətbiqinin üstünlükləri və çatışmazlıqları, yaranan problemlər və bu problemlərin aradan qaldırılması yollarının araşdırıldığını deyib.
Hər iki məruzəçiyə konfransda fəal iştirakına görə sertifikat təqdim olunub.
Qeyd edək ki, Türkiyənin Afyonkarahisar şəhərində keçirilən simpozium Afyon Kocatepe Universiteti, Giresun Universiteti, NED Mühendislik və Texnologiya Universiteti və TÜBİTAK Marmara Araşdırma Mərkəzi tərəfindən təşkil edilib. Tədbir tətbiqi, tibb, biologiya, kimya, Yer və ətraf mühit elmləri, mühəndislik və digər sahələrdə əldə edilmiş son elmi nailiyyətlərin müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan alim və tədqiqatçıları bir araya gətirib.
Konfrans materialları “Web of Science” platformasına daxil olan “Science Citation Index Expanded” bazasında indeksləşəcək.