ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda “Sağlam təhsil – sağlam millət” layihəsinin təqdimatı keçirilib

Bakı, 5 may, AZƏRTAC
Beynəlxalq Texnologiya, Təhsil və Elm Cəmiyyətinin (ISTES) təşkilatçılığı ilə Humanitar, sosial və təhsil elmləri üzrə beynəlxalq konfrans keçirilib. Konfransda 22 ölkədən (ABŞ, Yunanıstan, Ukrayna, Tayvan, Azərbaycan, Albaniya, Türkiyə, İsveç, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Xorvatiya, Qatar, Malayziya, Portuqaliya, Filippin, Yeni Zelandiya, Fransa, İsrail, Sinqapur, İspaniya, Braziliya, Mərakeş) 100 nəfərə yaxın iştirakçı təmsil olunub.
AZƏRTAC xəbər verir ki, sözügedən konfransda məruzəçi qismində Azərbaycanı Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsinin sosioloji blokunun rəhbəri Nigar Şahhüseynbəyova təmsil edib. Təqdimatda layihə çərçivəsində keçirilən monitorinqlərin nəticələri uğurlu təcrübə kimi paylaşılıb.
Qeyd edək ki, ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən “Sağlam təhsil – sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməkdir. Eyni zamanda, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.