ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda bulud texnologiyalarına kiberhücumların aşkarlanması üsulu haqqında məruzə təqdim olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 15-ci IEEE “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 15th IEEE International Conference Application of Information and Communication Technologies), mövzusunda beynəlxalq konfransında bulud texnologiyalarına kiberhücumların aşkarlanması üsulu haqqında çıxış edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. F.Abdullayeva nüfuzlu beynəlxalq konfransda təqdim etdiyi “Bulud texnologiyalarının servis modellərinə olan kiberhücumların aşkarlanması üçün korrelyasiya əsaslı əlamətlərin seçilməsi üsulu” adlı məruzədə bulud xidmətlərinin təhlükəsizlik məsələləri, kiberhücumlar və onlardan müdafiə mexanizmləri haqqında məlumat verib. Bu hücumların aşkarlanması üçün istifadə olunan metodların çatışmazlıqlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Bulud servislərinin onların provayderləri və istifadəçilərini bir sıra təhlükəsizlik təhdidlərinin təsirinə məruz qoyduğunu söyləyən tədqiqatçı, bu təhlükəsizlik təhdidlərinin növlərinin sayının böyük sürətlə artdığını deyib. Bildirib ki, bu təhdidləri reallaşdıran hücumların təbiəti fərqlidir. Onlar həm bulud provayderlərini, həm də istifadəçiləri hədəfə ala bilir. Bu səbəbdən bulud sisteminin özü və istifadəçiləri üçün təhlükəsizlik başlıca problemlərdən biri hesab olunur.

F.Abdullayeva məqalədə bulud texnologiyalarının servis təminatı modellərinə olan kiberhücumların aşkarlanması üçün əlamətlərin seçilməsi konsepsiyasını özündə əks etdirən üsulun işləndiyini söyləyib.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində aparılmış elmi-tədqiqat əsasında hazırlanıb.

Qeyd edək ki, konfransın materialları “Web of Science” və “Scopus” bazalarında indeksləşir və referatlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.