ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda jestlərin tanınması üçün modelləşdirmə metodları müzakirə olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” adlı XVI beynəlxalq elmi-texniki konfransında “Jestlərin tanınması üçün modelləşdirmə metod və mərhələlərinin tədqiqi” mövzusunda məruzəsini təqdim edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jest dili haqqında məlumat verən məruzəçi dünya əhalisinin müəyyən bir hissəsinin anadangəlmə və ya sonradan eşitmə qabiliyyətini itirərək ünsiyyət problemi yaşadığını bildirib. Bu problemin nitq və eşitmə məhdudiyyətli insanların ünsiyyəti üçün zəruri olan jestləri tanıyaraq mətnə, səsə və əksinə çevirən aparat və proqram təminatının təkmilləşdirilməsi prosesinin reallaşmasına maksimum imkan yaradan kompüter sistemlərində effektiv üsulların işlənməsinin aktual olduğunu göstərdiyini diqqətə çatdırıb.

“Jestlərin tanınma sistemi, tanınma problemini həll etməyə imkan verən kompüter texnologiyaları və riyazi alqoritmlər toplusudur”, – deyən K.Qurbanova tədqiqat işində jestlərin tanınması sisteminin 4 mərhələdən (kamera, sensorlu əlcək və s. kimi qurğuların köməyi ilə informasiyanın əldə edilməsi, təhlili, jestin əlamətlərinin təyini, jestin tanınması) ibarət modelinin nəzərdən keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, insan-kompüter qarşılıqlı əlaqəsi jest tanıma prosesinin uğurla tətbiq olunduğu sahələrdən biridir. Tanınma prosesinin dəqiq nəticə verməsini təmin etmək üçün əl jesti aydın modelləşdirilməlidir. Jest tanıma sistemlərində 2 növ modelləşdirmə vardır: 2D modelləşdirmə – bu halda əlin şəkli ikiölçülü koordinat sistemində analiz edilir, lazımi məlumatı əldə etmək üçün seqmentasiya alqoritmindən istifadə olunur. 3D modelləşdirmə – jest və ya işarə üçölçülü məkanda çəkilir, əlavə koordinatlardan istifadə edilməsi qeyri-müəyyənliyi aradan qaldırır və tanınmanın dəqiqliyini təmin edir.

K.Qurbanova bildirib ki, eşitmə məhdudiyyətli insanların sosiallaşma problemlərini həll etmək üçün jestləri səsə və ya əksinə, səsli danışığı jestə çevirən yeni metod və sistemlərin işlənməsi elmi-texniki mühitin əsas tələbatlarındandır. Milli daktil əlifbanı və jestləri tanıyan milli elektron bazanın yaradılması respublikamızda yaşayan eşitmə məhdudiyyətli insanların təhsil və kommunikasiya sahəsində qarşılaşdığı baryeri qismən aradan qaldıra bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.