ELM VƏ TƏHSİL
Beynəlxalq konfransın iştirakçıları qədim Qəbələnin Səlbir ərazisindəki arxeoloji abidələrlə tanış oldular
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycanda erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunan “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans Qəbələ Arxeoloji Mərkəzində işini davam etdirir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan alimləri ilə yanaşı, İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan olan mütəxəssislər elmi məruzələrlə çıxış ediblər.
Konfransda əsasən Azıx mağarası, Azıxantrop və Avrasiya paleolit dövrünün digər mövzuları barədə elmi məruzələr dinlənilib, müzakirələr aparılıb. Müzakirələrdə texnoloji innovasiyaların istifadə edildiyi yeni tədqiqatlar işığında paleolit dövrünün, həmçinin Azıx mağarasındakı paleolit təbəqələrinin xronologiyası, paleolit dövründə mümkün miqrasiya vektorları və digər mühüm elmi məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Sonda institutun direktoru, professor Maisə Rəhimova Prezident İlham Əliyevin ölkəmizdə arxeologiyanın inkişafına göstərdiyi diqqət və qayğıdan, son dövrlərdə Azərbaycan arxeoloqlarının qazandıqları elmi nailiyyətlərdən, rəhbərlik etdiyi qurumun dünyanın tanınmış elmi mərkəzləri ilə əməkdaşlığından söz açıb.
Sonra beynəlxalq konfransın iştirakçıları qədim Qəbələnin Səlbir ərazisindəki arxeoloji abidələrlə tanış olublar. İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, “Qəbələ antik və ilk orta əsrlər arxeoloji ekspedisiyası”nın rəisi Ceyhun Eminli iştirakçılara Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin tarixi, şəhərin ərazisində aparılan arxeoloji tədqiqatlar və nailiyyətlər barədə məlumat verib.