CƏMİYYƏT


Beynəlxalq konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 20 iyun, AZƏRTAC 

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları iyunun 20-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Ombudsman Elmira Süleymanova jurnalistlərə müsahibəsində deyib ki, XV Bakı Beynəlxalq Konfransına on ölkədən iştirakçılar qatılıblar. Konfrans “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusuna həsr edilib.

Elmira Süleymanova bildirib ki, insan hüquqları mövzusu getdikcə daha çox önəm kəsb edir. Hər bir ölkənin demokratik inkişaf dərəcəsi məhz insan hüquqlarının necə təmin olunması ilə təyin edilir. Ombudsman qeyd edib ki, bu il Azərbaycan üçün xüsusi ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ulu öndər Heydər Əliyevin anadan olmasının 95, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyidir. Göründüyü kimi, Bəyannamə 70 il əvvəl qəbul olunub. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 100 il öncə ayrı-seçkiliyin yolverilməzliyi prinsipini və hüquq bərabərliyini bəyan edib.

Azərbaycanda ildən-ilə insan hüquqları sahəsində böyük irəliləyişlərə nail olunduğunu vurğulayan Elmira Süleymanova Ombudsmanların Bakı Beynəlxalq Konfransının artıq ənənəyə çevrildiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.