ELM VƏ TƏHSİL
Beynəlxalq layihədə Azərbaycandan 11 alim iştirak edir
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsində iştirak edən azərbaycanlı alimlərin 2018-ci ildəki fəaliyyətinə həsr olunan iclas keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Avropa Komissiyasının “Horizon-2020” proqramı tərəfindən maliyyələşdirilən layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur. İclasda Z.Həsənov bildirib ki, layihədə AMEA-nın Arxeologiya və Etnoqrafiya, Tarix institutlarından ümumilikdə 11 alim iştirak edir. O, 2018-ci ildə layihə çərçivəsində AMEA-nın əməkdaşlarının elmi ezamiyyətdə olduqlarını, Yunanıstan, Bolqarıstan və Gürcüstanda 6 beynəlxalq elmi konfransda iştirak etdiklərini, tədqiqatlar apardıqlarını və məqalələr dərc etdirdiklərini söyləyib.
Qeyd edək ki, 2017-2021-ci illər üçün nəzərdə tutulan layihədə 12 ölkə təmsil olunur.