İQTİSADİYYAT


Beynəlxalq media təlimçisi: Bakı Şopinq Festivalı düzgün istiqamət götürüb

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakı Şopinq Festivalı Azərbaycana turist axınına səbəb ola bilər. Azərbaycanın milli valyutası olan manatın hazırkı məzənnəsi ölkədə əcnəbilər üçün misilsiz şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri beynəlxalq media təlimçisi və məsləhətçi Dan Mason festivalın saytına açıqlamasında bildirib.

“Əvvəlki illərdən fərqli olaraq, Azərbaycana səyahət vizası əldə etmək indi daha asandır. Bakı dincəlmək üçün möhtəşəm şəhərdir. Şəhər, həm də təhlükəsizdir. Bu isə çox mühümdür. Lakin Azərbaycan hələ də bir çox insan üçün sirr olaraq qalır. Bakı Şopinq Festivalı getdikcə böyüyür, festival çərçivəsində həvəsləndirici tədbirlər, o cümlədən “Tax-Free” kampaniyası keçirilir. Bir sözlə, festival doğru istiqamətdə yol alıb”,- deyə D.Mason söyləyib.

Onun sözlərinə görə, bu möhtəşəm tədbiri mətbuat və sosial media kanalları vasitəsilə dünyaya çatdırmaq lazımdır.

Şopinq Festivalının Azərbaycan üçün əhəmiyyətindən danışan təlimçi qeyd edib ki, festival çərçivəsində Azərbaycanı hərtərəfli dünyaya tanıtmaq vacibdir: “Pərakəndə satış iqtisadiyyata təkan verən ən mühüm faktordur. Ölkəyə xaricdən nə qədər çox nağd pul vəsaiti daxil olarsa, pərakəndə satışla məşğul olan sahibkarlar üçün də bir o qədər stimul və şərait yaranar. Lakin mən istərdim festivalda yalnız mağazalar deyil, Azərbaycana xas bütün ən yaxşı xüsusiyyətlər nümayiş olunsun. Məsələn, mən bu il Bakıda keçirilən “Formula 1” yarışlarında nümayiş olunan sənətkarlıq və mədəniyyət nümunələri, o cümlədən Azərbaycan yeməklərindən çox zövq aldım. Niyə də bu festivaldan Azərbaycanın özünəxas incəsənəti, sənətkarlığı və regional mətbəxini təbliğ etmək üçün istifadə olunmasın? Çünki festival Azərbaycanı daha yaxşı tanıtmaq üçün əsl fürsətdir – bura ənənə və müasirliyin bir-birinə qovuşduğu ölkədir”.

Dan Mason əlavə edib ki, şopinq festivalının keçirilməsi üçün Bakı uğurlu seçimdir. “Mən Dubay, o cümlədən dünyanın bir çox yerlərində keçirilən şopinq festivallarında iştirak etmişəm. Şübhəsiz, bu kimi festivallar keçirildiyi şəhərdə hər zaman əks-səda yaradır. Səyahət etmək getdikcə asanlaşır, buna görə də dinamik şəhərlər turist cəlb etmək üçün yalnız bir səbəblə kifayətlənmək istəmirlər. Bu baxımdan şopinq festivalları ölkəyə beynəlxalq səyahət bazarının daha çox inkişaf etmiş seqmentlərini cəlb etmək üçün ən mükəmməl vasitədir. Bu, həm də şəhərlər arasında rəqabətin artması deməkdir. Xəritədə Bakıya baxsaq, şəhərin həm şərq, həm də qərb ticarət yolunun kəsişməsində yerləşdiyini görə bilərik. Turistlərin cəlbi üçün Bakı mükəmməl coğrafi mövqeyə malikdir. Bütün bunlar şopinq festivalı üçün əsasdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.