MƏDƏNİYYƏT
Beynəlxalq miqyaslı müsabiqənin münsiflər heyətinə Azərbaycanın Xalq Artisti Firəngiz Əlizadə rəhbərlik edib
Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında müsabiqənin nəticəsini müəyyən edən seçim konserti olub.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi
İltifat Hacıxanoğlu AZƏRTAC-a bildirib ki, ölkəmizin musiqi ictimaiyyəti üçün bu müsabiqənin əlamətdar olmasının başlıca səbəbi müasir musiqinin ən tanınmış nümayəndələri - Aleksandr Knayfel, Vladimir Tarnopolskiy, Aleksandr Radviloviç, Leonid Desyatnikov, Anatoliy Korolyov, Valeriy Platonov və Aleksandr Popov kimi bəstəkarlardan ibarət münsiflər heyətinə Azərbaycanın Xalq Artisti, professor Firəngiz Əlizadənin sədrlik etməsidir. Öz yaradıcılığı boyu bir çox “ilk”lərə imza atmış Firəngiz Əlizadəyə belə bir möhtəşəm layihədə bu cür etimadın göstərilməsi Azərbaycan bəstəkarlıq məktəbinə hörmətin xoş təzahürüdür. Çünki belə məşhur, beynəlxalq miqyaslı müsabiqənin münsiflər heyətinə azərbaycanlı bəstəkarın rəhbərlik etməsi ilk hadisədir.
Bütün yaş kateqoriyalarında olan bəstəkarlar üçün nəzərdə tutulmuş, üç mərhələdən ibarət müsabiqənin seçim turuna Rusiyanın, o cümlədən Belarus, İtaliya, Kanada, İsveç, Estoniya, Yaponiya, Ukrayna kimi ölkələrindən simfonik orkestr üçün nəzərdə tutulmuş 187 əsər təqdim olunub. Bu əsərlərdən 140-ı ikinci mərhələyə, 6-sı isə final mərhələsinə vəsiqə qazanıb.
Rusiyanın məşhur dirijoru Andrey Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının akademik simfonik orkestrinin ifasında finala vəsiqə qazanan 6 iştirakçının əsərləri dinlənilib.
Firəngiz Əlizadənin sədrlik etdiyi münsiflər heyəti həmin əsərlərin arasından final mərhələsində iştirak şansı qazanan 6 qalibi müəyyən edib. Belə ki, yekun rəyə görə, Sankt-Peterburqdan olan bəstəkar İqor Druxun “Betelqeyze” əsəri 1-ci yerə, isveçli bəstəkar Katarina Leymonun “Buludların kralı” əsəri 2-ci yerə, Kanadadan Nurulla Xocanın saksofon və orkestr üçün bəstələnmiş “Konsert”i isə 3-cü yerə layiq görülüb. Bundan başqa daha üç iştirakçıya - Tatarıstan təmsilçisi Elmir Nizamov, Moskva təmsilçisi Alina Podzorova və sankt-peterburqlu Artur Vabel müsabiqənin diplomları ilə təltif edilib.