REGİONLAR


Beynəlxalq multikulturalizm yay məktəbinin növbəti günündə mühazirələr dinlənilib

Oğuz, 1 avqust, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” adlı VII Beynəlxalq Multikulturalizm Yay Məktəbi avqustun 1-də öz işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, yay məktəbinin üçüncü günü Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədlinin “Azərbaycandakı dini müxtəliflik”, Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirovun “Bakı prosesi 10 il ” mövzularında mühazirələri dinlənilib.

Nicat Məmmədli mühazirəsində Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim zamanlardan azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Atəşpərəstlərin məbədi “Atəşgah” adlanır. Atropatenanın dini mərkəzi Azərbaycan ərazisində Qazaxda yerləşib, Bakı, Şamaxı, Salyan və Lənkəranda isə atəşgahlar olub.

Vurğulanıb ki, Suraxanıdakı “Atəşgah” Hindistandan gələn atəşpərəstlərə xidmət üçün XVIII əsrdə tikilib. Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda geniş yayılmış dinlərdən biri də Zərdüştilik olub. Zərdüştilik vəhy dinlərinin ən qədimi hesab olunur. Qədim yunan və orta əsr müsəlman tarixçiləri, həmçinin bir çox sonrakı tədqiqatçılar Azərbaycanı Zərdüştiliyin vətəni hesab edirlər.

Azərbaycan tarixində özünəməxsus yeri olan dinlərdən biri də İudaizmdir. Ölkəmizdə üç yəhudi icması mövcuddur: dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazilər) və Gürcüstan yəhudiləri. Bunlardan ən qədimi dağ yəhudiləri sayılır. Hazırda paytaxt Bakı da daxil olmaqla, Quba və Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir. Onlardan 6-sı dağ yəhudilərinə, 1-i isə Avropa və Gürcüstan yəhudilərinə aiddir.

Bildirilib ki, Azərbaycanda xristianlıq yeni eranın ilk əsrlərində yayılmağa başlayıb. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə yayan apostol Faddey olub. VII əsrdə ərəblərin Azərbaycana gəlişindən və Qafqaz Alban dövlətinin süqutundan sonra xristianlıq bölgədə zəifləməyə başlayıb. Hazırda Azərbaycanda 13 kilsə fəaliyyət göstərir.

Nicat Məmmədli qeyd edib ki, ərəblərin ölkəmizə gətirdiyi yeni din – İslam xalqımızın milli mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb. Azərbaycan Rusiya imperiyasına ilhaq edildikdən sonra Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və Şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzimlənib.

Diqqətə çatdırılıb ki, SSRİ dağıldıqdan sonra Azərbaycan din sahəsində yeni mərhələyə adlayıb. Ölkəmizdə dinin təbliğinə və yayılmasına şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət göstərilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nicat Məmmədli Azərbaycanda adıçəkilən dinlərlə yanaşı, digər azsaylı dini icmaların da qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb.

Ramil Abbəkirov mühazirəsində Bakı prosesi haqqında ətraflı məlumat verib. Bildirib ki, 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Konfransda “Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi” qəbul edilib.

Qeyd edilib ki, bu çərçivədə 2009-cu ilin oktyabrında Bakıda İslam ölkələri mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək məqsədilə keçirilən görüşdə “Bakı prosesi – dialoq və mədəni müxtəlifliyə dəstək: Sivilizasiyalar arasında dialoq naminə yeni çağırışlar” adlı kommünike qəbul edilib. 2010-cu ildə “Bakı Prosesi” artıq regional təşəbbüsdən qlobal çağırışa çevrilməyə başlayıb.

R.Abbəkirov deyib ki, Azərbaycanda “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanıb. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.

Vurğulanıb ki, beynəlxalq miqyaslı tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumunun da xüsusi yeri var. Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparılması üçün tanınmış dövlət xadimlərini, Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini dəfələrlə bir araya gətirib.

Mühazirələrdən sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Proqrama uyğun olaraq VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Şəkinin tarixi məkanları – Kiş kəndindəki qədim Alban məbədi, Şəki xanlarının sarayı və Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olacaqlar. Sonra “Öz xalqını təqdim et” adlı musiqili axşamda yay məktəbi iştirakçılarının təqdimatları olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.