MƏDƏNİYYƏT
Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Bəstəkarlar İttifaqında klassik Azərbaycan bəstəkarlarının xor, vokal və kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafında xidmətlərindən danışıb. O, festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların onun zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını bildirib. Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinə olduğunu deyən F.Əlizadə onun əsərlərinin araşdırılmasının hər zaman aktual olacağını qeyd edib: “Festival çərçivəsində Bəstəkarlar İttifaqında Üzeyir bəyin yaradıcılığına həsr olunan ilk elmi konfrans keçirildi. Bəzən belə bir fikir səslənir ki, Ü.Hacıbəylinin hər notu təhlil olunub, yaradıcılığı kifayət qədər araşdırılıb. Ancaq arxivlər açıldıqca, çox maraqlı faktlar ortaya çıxır. Bu məlumatlar dahi bəstəkarın həyatına, yazdığı əsərlərin tarixçəsinə işıq saçır”.
Dahi bəstəkarın əsərlərinin səhnə həyatından danışan Xalq Artisti “Leyli və Məcnun” baletinin ABŞ-da, TÜRKSOY-un xətti ilə Əməkdar İncəsənət Xadimi, rejissor Əflatun Nemətzadənin tərəfindən “Koroğlu” operasının isə bir neçə ölkədə göstərildiyini və böyük tamaşaçı sevgisi qazandığını söyləyib.
Konsertdə AzTV-nin C.Cahangirov adına Xoru (Bədii rəhbər və dirijor Şəhla Ələkbərova), Bəstəkarlar İttifaqının “Oazis” simli kvarteti, Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbi, Q.Qarayev adına İncəsənət Mərkəzinin şagirdləri, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyova və başqaları çıxış ediblər. Onlar görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Cahangir Cahangirov, Soltan Hacıbəyov, Fikrət Əmirov, Şəfiqə Axundova, Süleyman Ələsgərov və Əşrəf Abbasovun əsərlərini ifa ediblər.