İQTİSADİYYAT
Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan magistralın tikintisi davam etdirilir VİDEO
Bakı, 17 fevral, AZƏRTAC
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 kilometr uzunluğunda olan 4 hərəkət zolaqlı yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə tikinti işləri yekunlaşıb. Layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, müxtəlif köçürülmə işləri yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikintisi icra olunub. Hazırda tikinti işləri yeni magistralın 5-ci, Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən hissəsi üzrə sonuncu mərhələdə davam etdirilir. Bu hissədə isə yeni yol yatağı və əsasın tikintisi, süni qurğuların inşası işləri yekunlaşmaq üzrədir. Buna paralel olaraq, hazırda sözügedən hissədə asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 kilometr qısa olan sözügedən hissənin uzunluğu isə 58 kilometrdir.
Digər 62 kilometrlik 3 hissə üzrə isə hazırda torpaq yatağının və yol əsasının inşası, qovşaq, yol ötürücüsü, yeraltı keçid, suötürücü boruların tikintisi və müxtəlif köçürülmə işləri davam etdirilir. Ümumilikdə, sözügedən hissələrdə tikinti işlərinin növbəti ilin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır.
Yeni inşa edilən 150 kilometrlik yolboyu ümumilikdə 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi planlaşdırılır. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton bordürlərin quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur. Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına və bir çox sosial problemlərin həllinə şərait yaradacaq.