CƏMİYYƏT
Beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatlarının milli platforması yaradılacaq


Bakı, 20 aprel, AZƏRTAC
Beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatlarının milli platforması yaradılacaq.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, bu barədə nazir müavini İntiqam Babayevin gənclər təşkilatları ilə keçirilən görüşündə bildirilib. Görüşdə 20-dən çox təşkilat iştirak edib.
Görüşlərin keçirilməsində əsas məqsəd gənclər təşkilatları ilə işin daha da gücləndirilməsi, eyni zamanda, onların Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təşkilatlara dövlət dəstəyinin artırılmasıdır.
Əvvəlcə gənclər təşkilatları ötən dövr ərzində görülmüş işlər barədə hesabat verib, qarşılaşdıqları və onları narahat edən əsas problemlər haqqında danışıb, irad və təkliflərini səsləndiriblər.
Görüş zamanı bildirilib ki, bu gün 30-dan çox beynəlxalq platformada təmsil olunan gənclər təşkilatları var. Məhz bunu nəzərə alaraq, 44 günlük Vətən müharibəsinin səbəb və nəticələrinin, eyni zamanda, Azərbaycan maraqlarının beynəlxalq gənclər platformalarına daimi olaraq çatdırılması və müdafiəsi üçün gənclər təşkilatlarının daha da fəal olmalarının vacibliyi qeyd edilib. Bu istiqamətdə fəaliyyətin effektivliyinin artırılması üçün koordinasiyalı şəkildə işlərin görülməsi qərara alınıb.
Görüşdə Qarabağla bağlı gənclərin ideya bankının yaradılması, beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən gənclər üçün təlimlərin, məlumat sessiyalarının keçirilməsi və təmsilçiliyə dair kitabın nəşr olunması, gənc alimlərin beynəlxalq platformalarında Qarabağla bağlı məsələlərin daim gündəmdə saxlanılması, gənclərlə iş sahəsində rəqəmsal texnologiyaların tətbiq edilməsi, xarici donorlardan alınmış qrantların qeydiyyatının asanlaşdırılması, türkdilli dövlətlərin gəncləri arasında mədəni əlaqələrin gücləndirilməsi, xarici müəlliflərin Qarabağla bağlı kitablarının çoxaldılması və dünyanın aparıcı kitabxanalarında, elm mərkəzlərində, universitetlərin kitabxanalarında yerləşdirilməsinə nail olunması, tələbə psixoloqların beynəlxalq yay məktəblərinin təşkil edilməsi məsələləri barədə müzakirələr aparılıb. Həmçinin beynəlxalq platformalarda təmsil olunan gənclər təşkilatları üçün müsabiqədən kənar qrantların verilməsi, Avropa İttifaqının “Erasmus+” və “EU4Youth” proqramları ilə əməkdaşlıq çərçivəsində gənclərin sosial sahibkarlıq layihələrinin dəstəklənməsi, Avropa İttifaqının könüllü proqramları çərçivəsində Azərbaycana gələn əcnəbi könüllülər üçün “Könüllü viza” sisteminin tətbiq edilməsi, beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edən əcnəbi gənclərə vizanın rəsmiləşdirilməsi və miqrasiya xidmətlərinin göstərilməsinin asanlaşdırılması, Azərbaycanın təmsil olunmadığı beynəlxalq gənclər platformalarında təmsil olunma məsələlərinə baxılması və s. gənclər təşkilatlarını narahat edən məsələlər müzakirə olunub.
Bildirilib ki, Gənclər və İdman Nazirliyi tərəfindən fevral ayından gənclər təşkilatları ilə başlayan görüşlər mayın sonuna kimi davam edəcək.