REGİONLAR
Beynəlxalq qış təliminə hazırlıq məşqləri davam edir
Naxçıvan, 12 fevral, AZƏRTAC
Türkiyə Respublikasında keçiriləcək beynəlxalq qış təlimində ölkəmizi təmsil edəcək Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları qardaş ölkədə hazırlıq məşqlərini davam etdirirlər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 28 ölkənin iştirak etdiyi qış təliminə hazırlıq məşqlərində hərbi qulluqçularımız antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini məşq edirlər. Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkarlanaraq təxliyəsi həyata keçirilir.
Türkiyə Respublikasının Qars şəhərində keçirilən məşqlərlə yanaşı, Kayseri şəhərində paraşütçü komandalarımız ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.
Qeyd edək ki, çoxmillətli, beynəlxalq səviyyəli qış təlimində hərbi qulluqçularımız çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcəklər.