CƏMİYYƏT
Beynəlxalq seminarın iştirakçıları Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanış olublar
Bakı, 11 dekabr, AZƏRTAC
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində keçirilən beynəlxalq seminarın iştirakçıları Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında infoturda iştirak ediblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirak etdiyi infoturda iştirakçılara institutun fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.
İnfoturun keçirilməsində məqsədi seminar iştirakçılarını Qida Təhlükəsizliyi İnstitutu, Analitik Ekspertiza Mərkəzi və müasir standartlara uyğun laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış etmək, xarici ölkələrlə qida sahəsində genişlənən əlaqələrin əhəmiyyətinə diqqət çəkməkdir.
Qeyd olunub ki, Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunmasıdır və bu məqsədlə Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində paytaxtda 6, regionlarda 13 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.
Laboratoriyalarda aparılan müayinələri əyani şəkildə müşahidə edən iştirakçılar ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının ölkədə qida təhlükəsizliyinin təmin olunmasında rolunu xüsusi qeyd ediblər.
İnfotur çərçivəsində iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.