İQTİSADİYYAT
Beynəlxalq sənaye konfransında Azərbaycanın biznes və investisiya imkanları təqdim olunub
Bakı, 27 noyabr, AZƏRTAC
Bakı Beynəlxalq sənaye konfransının ikinci iş günü “Azərbaycanda investisiya imkanları və sənayenin hərtərəfli və davamlı inkişafı üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda panel sessiya ilə başlayıb. Sessiya iştirakçılarına ölkəmizin biznes və investisiya imkanları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi sessiyada Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov bölgənin iqtisadi göstəricilərini, sənaye sahəsində əldə edilən uğurları diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvanda sənayenin inkişafı istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri yaradılıb, məhsul istehsalının çeşidi artıb. Hazırda sənayenin inkişafı istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvanın 22 ildir blokada şəraitində yaşamasına diqqət çəkən nazir vurğulayıb ki, bu gün muxtar respublikanın bütün sahələrində əsaslı inkişaf var. Azərbaycanda iqtisadi islahatlara məhz Naxçıvandan başlanılıb. Muxtar respublikada bütün sahələr üzrə 5,5 milyard dollar həcmində investisiya qoyulub ki, bunun da 1,9 milyard dolları sənayenin payına düşür.
Panel sessiyada Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanları, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyəti barədə məlumat veriblər.
İtaliyanın “AREA Science Park”ın nümayəndəsi Stefen Teylor, Avropa İnvestisiya Bankının Şərq ölkələri və Mərkəzi Asiya Departamenti müdirinin müavini Cani Pietikaynen, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera sənaye sahəsində əməkdaşlığa dair fikirlərini bölüşüblər.
Sonra Naxçıvan Muxtar Respublikasının sənaye potensialına dair film nümayiş olunub, kənd təsərrüfatı, qida, sənaye, səhiyyə, tikinti, İKT sahələrində fəaliyyət göstərən yerli və xarici iş adamları arasında işgüzar görüşlər keçirilib.
Konfrans iştirakçıları, həmçinin Sumqayıt Kimya Sənaye və Sumqayıt Texnologiyalar parklarının, “Azgüntex” MMC-nin fəaliyyəti ilə tanış olublar.