İQTİSADİYYAT
Beynəlxalq sərnişin qatarlarındakı kişi bələdçilər yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər VİDEO
Bakı, 10 yanvar (AZƏRTAC). Son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq məqsədi ilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi gedir. Bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, onlar yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar. Yaxın günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Bu qatarda çalışan kişi bələdçilər isə yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd olunmalıdır ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əmək haqqı beynəlxalq istiqamətdə çalışanların əmək haqqından yüksəkdir.