REGİONLAR
Beynəlxalq simpoziumun iştirakçıları Lənkəranda Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət ediblər
Lənkəran, 14 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda keçirilən ikigünlük beynəlxalq simpozium başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Konya Nəcməddin Ərbəkan Universiteti, TİKA və LDU-nun birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq simpoziumun ikinci günündə bölmə iclaslarında Türkiyə, İran, Bolqarıstan və Azərbaycandan olan alim və tədqiqatçıların 60-dan çox məruzə və tezisləri dinlənilib.
Beynəlxalq simpoziumun yekun iclasında iki gün davam edən müzakirələr bir daha nəzərdən keçirilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov belə mühüm tədbirin məhz LDU-da keçirilməsindən qurur duyduğunu deyib, təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.
Konya Nəcməddin Ərbəkan Universitetinin təmsilçisi, professor Əhməd Taşğın beynəlxalq simpoziuma yüksək səviyyədə ev sahibliyinə görə Lənkəran Dövlət Universitetinin rəhbərliyinə təşəkkür edib.
Simpoziumda fəal iştirak edən xarici və yerli alimlərin böyük bir qrupuna sertifikatlar və təşəkkürnamələr təqdim olunub.
Beynəlxalq simpoziumun iştirakçıları Şeyx Zahid Gilaninin Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən məqbərəsini ziyarət ediblər.
Tədbir iştirakçıları, həmçinin Lənkəran və Astaranın tarixi və mənzərəli yerləri ilə də tanış olublar.