İQTİSADİYYAT
Beynəlxalq şirkət Qiymətləndiricilər Cəmiyyətinə üzv olub
Bakı, 22 noyabr, AZƏRTAC
Daha bir beynəlxalq qiymətləndirmə şirkəti Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv olub.
Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, “Baker Tilly Audit Azərbaycan” beynəlxalq şirkətinin AQC-yə qoşulması ilə quruma üzv qiymətləndirmə şirkətlərinin sayı 57 olub. “Baker Tilly Audit Azərbaycan” şirkətinin cəmiyyətə üzv olmasından sonra AQC-də təmsil olunan beynəlxalq şirkətlərin sayı 2-yə çatıb. “ABAK-Az Crowe Ltd” beynəlxalq audit və qiymətləndirmə şirkəti də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunur.
Qeyd edək ki, “Baker Tilly International” beynəlxalq konsaltinq şəbəkəsi 148 ölkənin 740 ofisində 37 min əməkdaşın çalışdığı 126 üzv şirkəti özündə birləşdirən, ümumi gəliri 4 milyard dollar təşkil edən, gəlirlərinə görə və dünyada peşəkar xidmətləri ilə seçilən 9-cu qabaqcıl audit və konsaltinq şirkətləri şəbəkəsidir. 2007-ci ilin aprel ayından etibarən “Baker Tilly” şirkəti bu şəbəkənin müstəqil üzvü olaraq 100-dən artıq əməkdaşın dəstəyi ilə gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda 5 qabaqcıl audit və biznes məsləhət xidməti şirkətləri siyahısında yer alıb.