ELM VƏ TƏHSİL
Beynəlxalq tədbirdə “Azərbaycanda davamlı inkişafın təmin edilməsində görülən işlər” mövzusunda məruzə dinlənilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin təşkilatçılığı ilə keçirilən “Xəzəryanı regionda BMT-nin davamlı inkişafın məqsədlərinin realizə edilməsi” adlı beynəlxalq onlayn dəyirmi masada iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Xəzəryanı dövlətlərin universitetləri alimlərinin, neft və qaz tədqiqatları sahəsində elm mərkəzləri nümayəndələrinin, tədqiqatçıların iştirak etdiyi tədbirdə Ç.İsmayılovun “Azərbaycanda davamlı inkişafın təmin edilməsində görülən işlər” mövzusunda məruzəsi dinlənilib. O, Azərbaycanda bu istiqamətdə uğurlu strategiyanın qurulmasına və əhəmiyyətli işlərin görülməsinə diqqət çəkib.
Ç.İsmayılov məruzəsində universitetlərarası transsərhəd layihələrin hazırlanmasına və onun müvafiq beynəlxalq qurumlara təqdim edilməsi məsələsinə toxunub. BDU-da sahil ərazilərin idarə edilməsinə həsr olunmuş layihənin hazırlandığı diqqətə çatdırılıb. Layihənin hazırlanması prosesinə BDU tələbələrinin cəlb olunduğu bildirilib.
Dəyirmi masanın sonunda Xəzəryanı regionda davamlı inkişafı təmin etmək üçün “CASPİAN SDG HUB” adlı qurumun yaradılması haqqında qərar qəbul olunub. Ç.İsmayılov qurumun Azərbaycan Respublikasında koordinatoru seçilib.