ELM VƏ TƏHSİL
Beynəlxalq tədbirdə Azərbaycanda genom redaktəsi üzrə planlaşdırılan tədqiqatlara dair məruzə dinlənilib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biotexnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Pakistanda ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsi (COMSTECH), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Genetik Mühəndislik üzrə Beynəlxalq Mərkəz (İCGEB) tərəfindən İslamabad şəhərində “Qlobal ərzaq təhlükəsizliyi üçün genom redaktəsi və digər yeni seleksiya üsulları” mövzusunda keçirilən 4 günlük seminarda iştirak edib. Tədbirdə Almaniya, Avstraliya, Çin, Meksika, Hindistan, Oman, Malayziya və s. ölkələri təmsil edən 100-dən artıq alim və mütəxəssisin “Genomika”, “Genom redaktəsi”, “Sürətli seleksiya üsulları”, “Genom verilənlərinin analizi” və s. mövzular üzrə məruzələri dinlənilib.
M.Abbasov seminarda Azərbaycanda genomika, molekulyar genetika, kompüter genomikası sahələri üzrə aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər, həmçinin genom redaktəsi üzrə planlaşdırılan tədqiqatlar haqqında məlumat verib. O, ezamiyyət müddətində COMSTECH və FAO tərəfindən “Bitki genetik ehtiyatlarının seleksiyada istifadəsi və yeni sortların toxumçuluğunun təşkili” mövzusunda keçirilən seminarda isə Azərbaycanda bitki genetik ehtiyatlarının kompleks qiymətləndirilməsi və yeni yaradılan sortlar haqqında məruzə ilə çıxış edib. O, Pakistanın Genomika və Biotexnologiya İnstitutunda və Milli Genbankında aparılan tədqiqatlarla da tanış olub və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.