CƏMİYYƏT
Beynəlxalq tədbirdə Azərbaycanın məhkəmə sistemində aparılan islahatlardan bəhs olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Hakimlər Assosiasiyasının 62-ci və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının 14-cü plenar iclasları keçirilib.
AZƏRTAC xəbər verir ki, iclaslarda üzv dövlətlərdə məhkəmə və hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyi və başqa aidiyyəti mövzular ətrafında geniş müzakirələr aparılıb və müxtəlif dövlətlərin nümayəndələrinin məruzələri dinlənilib.
Beynəlxalq tədbirdə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov çıxış edib. R.Qurbanov Avropa məkanında ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində yaranmış vəziyyət, o cümlədən İsveçrə, Rusiya, Sloveniya, Malta, Fransa, Monteneqro, Albaniya, İspaniya kimi üzv dövlətlərdə görülmüş tədbirlər barədə məlumat verib. R.Qurbanov, eyni zamanda, Azərbaycanda aparılan məhkəmə islahatlarından, ədliyyə və məhkəmə-hüquq sistemindəki müsbət dəyişiklikdən danışıb, “Elektron məhkəmə” sisteminin əhəmiyyətini vurğulayıb.
Tədbirlərdə Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin sədri Ələddin Cəfərov və Ali Məhkəmənin hakimi Sənan Hacıyev də iştirak ediblər.
Qeyd edək ki, tədbirin birinci hissəsi Ramin Qurbanovun moderatorluğu ilə keçirilib.