CƏMİYYƏT
Beynəlxalq tədbirdə sülhməramlılarımızın Kosova, Əfqanıstan və İraqda sülhə verdiyi töhfələrdən söz açılıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı Şahin İsmayılov Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyasında Sülh və Beynəlxalq Təhlükəsizlik Komitəsinin iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, komitənin iclasında beynəlxalq sülhməramlı əməliyyatların münaqişə ocaqlarında rolu məsələsi müzakirə olunub.
Müzakirələrdə çıxış edən Şahin İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının Kosovada, Əfqanıstanda və İraqda sülhməramlı əməliyyatlarda fəal iştirakı barədə ətraflı məlumat verib. Qeyd edib ki, sülhməramlılarımız İraqda peşəkarlığa, nizam-intizama və yüksək səviyyəli xidmətə görə bu ölkənin hökuməti və beynəlxalq qurumlar tərəfindən dəfələrlə təşəkkür alıb.
Qeyd edək ki, PAİ-nin 137-ci Assambleyası və komitələrinin iclası oktyabrın 14-də işə başlayıb.
Parlamentlərarası İttifaq ən qədim beynəlxalq parlament təşkilatıdır və Assambleya dünyanın ən böyük parlament assambleyasıdır. 1889-cu ildə yaradılmış bu ittifaq dünyanın 173 ölkəsinin parlamentarilərini və 11 parlamentlərarası təşkilatı birləşdirir. PAİ-nin Assambleyası və digər iclasları oktyabrın 18-də başa çatacaq.