CƏMİYYƏT
Beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılan islahatları yüksək qiymətləndirir
Bakı, 18 fevral, AZƏRTAC
Baş prokurorun birinci müavini Rüstəm Usubov İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirən Rüstəm Usubov Prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, aparılan islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər və bu sahədə prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə böyük önəm verildiyini qeyd edib.
İnsan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının daim təkmilləşdirildiyini, bu sahədə ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokurorun birinci müavini Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamının əhəmiyyətini xüsusi vurğulayıb, bu mühüm sənədin sistemli şəkildə həyata keçirilən hüquqi islahatların növbəti mərhələsinin əsasını qoyduğunu bildirib.
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını maraqla qarşıladığını söyləyən M.Qnatovski rəhbəri olduğu qurumun ölkəmizlə bağlı hesabatında müsbət irəliləyişləri, Azərbaycanın CPT ilə əməkdaşlığını təqdir edib. O, Avropa məkanında insan hüquqlarının mövcud problemlərinə toxunaraq Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Görüşdə əməkdaşlığın perspektivləri, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.