CƏMİYYƏT


Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanın mina terroruna səssiz qalmamalıdır

Bakı, 21 aprel, AZƏRTAC

Ermənistanın işğaldan azad edilən ərazilərin mina xəritəsini Azərbaycana verməməsi bütövlükdə regionda sülh və təhlükəsizlik üçün ciddi problemdir və bu problemin məsuliyyəti Ermənistanla yanaşı, həm də beynəlxalq təşkilatların, aparıcı dövlətlərin üzərinə düşür.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev deyib.

Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsinə səbəb, bir tərəfdən rəsmi İrəvanın məkrli siyasətidirsə, digər tərəfdən beynəlxalq təşkilatların laqeydliyidir. Xəritə verilməməsi hər şeydən əvvəl təcavüzkar dövlətin çirkin niyyətindən, onun regionun təhlükəsizliyi üçün doğurduğu risk və təhdiddən xəbər verir. Bu, onu göstərir ki, 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan, bu gün də bölgədə sülhün, sabitliyin bərqərar olmasına maraq göstərmir. Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi məhz bununla bağlıdır. Buna görə təcavüzkar ölkə ilə yanaşı beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri də bu məsələdə məsuliyyət daşıyır. Çünki Ermənistanın bu təxribatı, sadəcə, Azərbaycan xalqına deyil, mahiyyət etibarilə bütün bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Bu cinayətin davam etməsinin bir səbəbi də beynəlxalq təşkilatların laqeydliyi, Ermənistana lazımi təzyiq göstərməməsidir.

Mətbuat katibi vurğulayıb ki, işğaldan azad edilən ərazilərdəki hər mina partlayışına görə Ermənistanla yanaşı, bu təxribata səssiz qalan beynəlxalq təşkilatlar, aparıcı dövlətlər də məsuliyyət daşıyır. Çünki hər cinayət kimi Ermənistanın mina terroruna da səssiz qalmaq, həmin cinayətə ortaq olmaq deməkdir. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün rəsmi İrəvana təzyiq göstərməli, onu qınayan açıq bəyanatlar səsləndirməklə bu cinayətə şərik olmadıqlarını dünyaya göstərməlidir.

“Beynəlxalq təşkilatlar bilməlidir ki, onların susqunluğu bu qurumların dünyadakı nüfuzuna da mənfi təsir göstərir, həmin təşkilatların ədalətinə olan inama zərbə vurur. Odur ki, Ermənistanın mina təxribatını qınamaq, onu minalanmış ərazilərin xəritəsini verməyə məcbur etmək bu təşkilatların hüquqi-vicdani borcu olmaqla yanaşı, həm də onların imicinin qorunması baxımından da zəruridir”, - deyə Seymur Əliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.