REGİONLAR
Beynəlxalq tibbi sanitar qaydaları və baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı milli seminar keçirilir
Bakı, 13 mart (AZƏRTAC). Martın 13-də Bakıda “Beynəlxalq tibbi sanitar qaydaları və baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsində ölkənin perspektivləri, heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair” milli seminar işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, seminar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) ev sahibliyi, Dünya Heyvan Sağlamlığı Təşkilatı (DHST) və Dünya Səhiyyə Təşkilatının (DST) təşkilatçılığı və Dünya Bankının maliyyə dəstəyi ilə keçirilir. Seminarda DHST-nin, DST-nin nümayəndələri, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, DBX-nin və aidiyyəti qurumların əməkdaşları və ekspertləri iştirak edirlər.
Tədbirin açılışında çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkəmizdə kənd təsərrüfatının inkişafından, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, beynəlxalq əməkdaşlıqdan, həmçinin seminarın əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, seminarın məqsədi insan və heyvan sağlamlığı sahəsində aparılmış qiymətləndirmələrin nəticələrini, səhiyyə və heyvan sağlamlığı üzrə xidmətlər arasında əlaqələrin daha da genişləndirilməsini müzakirə etməkdir.
Daha sonra Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov, DHST-nin təmsilçisi M.Elua, DST-nin əməkdaşı R.Sridharan çıxış edərək heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışlar.
Sessiyalarla davam edən seminarda “DHST və DST əməkdaşlığı və perspektivlər”, “Heyvan və insan sağlamlığı sistemləri arasında əməkdaşlıq”, “Azərbaycanda DHST-nin baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi yolu” və digər mövzularda məruzələr dinlənilmiş, təqdimatlar keçirilmişdir.
Seminar işini martın 14-də davam etdirəcəkdir.