REGİONLAR
Beynəlxalq turnirdə bu gün son turun oyunları oynanılacaq
Naxçıvan, 18 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirində növbəti tura yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, üçüncü turda “Qarabağ” üzərində inamlı qələbə qazanan Özbəkistanın “Əndican” komandası bu turda yerli “Araz-Naxçıvan”ı sınağa çəkib. Gərgin keçən görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. Bu qələbədən sonra aktivindəki xalların sayını 12-yə yüksəldən “Əndican” komandası ilk dəfə təşkil olunan “Naxçıvan kuboku – 95” beynəlxalq turnirində vaxtından əvvəl çempionluğunu qeyd edib.
Günün ikinci yarısında isə azarkeşlər daha bir maraqlı oyuna şahid olublar. Belə ki, geridə qalan son 3 turu məğlubiyyətlə başa vuran “Rekord” komandası 4-cü turda “Qarabağ”la qarşılaşıb. Görüşdə hesabı açan tərəf “Qarabağ” olsa da, ikinci hissədə ardıcıl iki qol “Rekord” komandasına qələbə qazandırıb – 2:1.
Son turdan sonra “Əndican” komandası maksimum xalla (12 xal) turnir cədvəlinə başçılıq edir. Digər 4 komandanın isə aktivində 3 xal var.
Bu gün Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək iki qarşılaşma turnirin digər mükafatçılarını müəyyənləşdirəcək. Öncə saat 13:00-da meydana “Qaraqalpaqıstan” (Özbəkistan) və “Rekord” komandaları çıxacaq. Ardınca saat 15:00-da “Araz-Naxçıvan” və “Qarabağ” komandaları qalibi müəyyənləşdirmək üçün mübarizə aparacaq.
Qeyd edək ki, bu görüşlərdən sonra təltifetmə mərasimi təşkil olunacaq.