REGİONLAR
Beynəlxalq usta Aydın Süleymanlı: Naxçıvandakı yarış indiyədək oynadığım ən yaxşı, ən güclü çempionatdır

Naxçıvan, 18 may, AZƏRTAC
Azərbaycan çempionatı ilk dəfədir Bakıdan kənarda təşkil olunur. Naxçıvanda keçirilən bütün yarışlar, turnirlər kimi, bu çempionat da yüksək səviyyədə öz axarı ilə davam edir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının iştirakçısı, beynəlxalq usta Aydın Süleymanlı deyib. O qeyd edib ki, Bakıdan kənarda, başqa bir şəhərdə çempionatda mübarizə aparmaq fərqli, eyni zamanda, gözəl hissdir.
“Deyərdim ki, Naxçıvandakı yarış indiyədək oynadığım ən yaxşı, ən güclü çempionatdır. Təşkilatçılığa gəlincə, çempionatın təşkili yüksək səviyyədədir və şahmatçılar üçün hər bir şərait yaradılıb. Buna görə təşkilatçılara minnətdarlığımı bildirirəm”, - deyən beynəlxalq usta bildirib ki, keçirdiyi görüşlərin yarısında qələbə, yarısında heç-heçə edib. Bu isə belə güclü heyətli turnirdə aşağı nəticə deyil.
“Beynəlxalq qrossmeysterlərlə şahmat yarışlarında iştirak etmək inkişafa yol açır. Çünki özündən güclülərlə oynamasan, güclənə bilməzsən”, - deyə o əlavə edib.