İQTİSADİYYAT
Beynəlxalq və ölkədaxili sərnişin qatarları üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək
Bakı, 6 dekabr, AZƏRTAC
Sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar dekabrın 8-dən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019-2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddəti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma müddəti isə 50 dəqiqə azaldılıb.
Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23:15-də (20:40 əvəzinə) yola düşəcək. Qatar Tbilisiyə saat 10:35-də (8:55 əvəzinə), Tbilisidən saat 20:35-də yola düşərək Bakıya saat 7:30-da (8:52 əvəzinə) çatacaq. Sərnişinlərin sərhəd-nəzarət məntəqəsində erkən saatlarda yoxlamaların aparılmaması yeni hərəkət qrafikində nəzərə alınıb.
Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli sərnişin qatarı yeni hərəkət cədvəlində 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət edəcək. Qatar Bakıdan saat 23:55-də (23:00 əvəzinə) yola düşəcək. Qatar Böyük Kəsik stansiyasına saat 8:55-də (8:50 əvəzinə), Böyük Kəsik stansiyasından saat 21:40-da (20:20 əvəzinə) yola düşərək Bakıya saat 6:25-də (6:30 əvəzinə) çatacaq.
Yeni hərəkət cədvəlində Rusiya Dəmir Yollarına məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcək.