REGİONLAR
Beynəlxalq və respublika müsabiqələrində qalib gələn İsmayıllı məktəbliləri mükafatlandırılıb
İsmayıllı, 12 iyun, AZƏRTAC
İsmayıllıda “İstedad sorağında-2019” adı altında istedadların ümumrayon toplantısı keçirilib.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin akt zalında təşkil edilən tədbirdə rayon rəhbərləri, təhsil şöbəsinin əməkdaşları, 150 nəfərdən çox müəllim və valideyn, 250 nəfər fəal şagird, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir istedadlı uşaqların hazırladığı geniş konsert proqramı ilə başlayıb. Məktəblilərin ifasında bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Rəsmi hissədə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək, İsmayıllı məktəblilərinin sorağının təkcə respublikadan deyil, bir sıra xarici ölkələrdən də gəldiyini diqqətə çatdırıb. Qabaqcıl ənənələrə malik İsmayıllı təhsilinin bu tədris ilində də böyük uğurlar əldə etməsinin sevindirici hal olduğunu söyləyən natiq, qazanılan uğurların həm də rayon təhsil şöbəsinin rəhbərliyi ilə pedaqoji kollektivlərin birgə işinin nəticəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən təhsil şöbəsinin müdiri Rasim Orucov ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu gün istedadların ümumrayon toplantısına qatılanlar əsasən beynəlxalq və respublika miqyasında uğur qazanan yeniyetmələrdir. Bunlarla yanaşı, rayon və zona müsabiqələrində qalib gələn çoxsaylı məktəblilər də var.
Sonda müxtəlif nominasiyalar üzrə beynəlxalq və respublika müsabiqələrində qalib gələn 200 nəfər məktəbliyə fəxri fərman və qiymətli hədiyyələr verilib.