İQTİSADİYYAT
Beynəlxalq və tranzit yükdaşımaları üzrə fəaliyyət zamanı sadələşdirilmiş vergi öhdəliyi yaranır
Bakı, 26 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Beynəlxalq və tranzit yükdaşımaları üzrə ekspeditor xidməti göstərən şəxsin bu fəaliyyətdən hansı vergi öhdəlikləri yaranır?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin (VM) 13.2.33-cü maddəsinə əsasən, yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə digər dövlətlərdəki məntəqə arasında daşınma beynəlxalq daşınma sayılır.
Qeyd olunub ki, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.
Mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə əldə edilən xidmət haqlarından tətbiq etdikləri vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi və ya mənfəət vergisi) müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.