ELM VƏ TƏHSİL


Beynəlxalq vebinarda arxeoloq alimlərimiz apardıqları tədqiqatlardan danışıblar

Bakı, 1 mart, AZƏRTAC

Böyük Britaniyanın Dürhem və Oksford universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazın arxeoloji öyrənilməsi forumu” adlı onlayn vebinarda ölkəmizi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları - Anar Ağalarzadə, Namiq Hüseynli və doktorant Aslan Qasımov təmsil ediblər.

Tədbirin keçirilməsində məqsəd Cənubi Qafqaz ölkələri ərazisində aparılmış arxeoloji tədqiqatların bir sıra nəticələrini təqdim etmək olub.

Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Böyük Britaniya, ABŞ, Yaponiya, Avstraliya, Livan, Gürcüstan və digər ölkələrdən alimlərin qatıldığı vebinarda A.Ağalarzadə və A.Qasımov “Cənubi Qafqazın cənub-şərq ətəklərində qəbir abidələri: Talış dağlarında aşkara çıxarılan Son Tunc-İlk Dəmir dövrü kurqanları” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzəçilər Azərbaycanın cənub-şərq bölgəsinin həmin dövrə aid abidələrlə zəngin olduğunu və son illərdə bu abidələrdə sistemli arxeoloji tədqiqatlara başlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

N.Hüseynlinin məruzəsi isə orta əsr Şəmkir şəhər yerinə həsr olunub. “Şəmkir orta əsr şəhər yerində aparılmış arxeoloji araşdırmaların müəyyən nəticələri” adlı məruzə ilə çıxış edən tədqiqatçı bu abidədə 10 il ərzində fasiləsiz aparılmış sistemli arxeoloji tədqiqatlar zamanı üzə çıxarılmış elmi nəticələrdən bəhs edib.

Məruzələr vebinar iştirakçıları tərəfindən dinlənilib və maraq kəsb edən bir çox sual cavablandırılıb.

Vebinar “Cənubi Qafqazda arxivlər və mədəni irs” mövzusunda dəyirmi masa ilə işini yekunlaşdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.