REGİONLAR
Beynəlxalq yarışlarda uğur qazanan xaçmazlı idmançılar təltif olunublar
Xaçmaz, 2 avqust, Elxan Yusifli, AZƏRTAC
Beynəlxalq yarışlarda medal qazanan xaçmazlı idmançılar və onların məşqçiləri fəxri fərmanla təltif olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətində bu il ərzində müxtəlif idman növləri üzrə Azərbaycan birinciliklərinin qalibi, beynəlxalq turnirlərin iştirakçısı və mükafatçısı olan idmançılar və onların məşqçiləri ilə görüş keçirib. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində beynəlxalq arenalarda əldə olunan nailiyyətlərin və qazanılan uğurların sayının ilbəil artdığı diqqətə çatdırılıb. Bildirilib ki, bu ilin geridə qalan dövründə xaçmazlı idmançılar beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər. Onlar ikisi qızıl, ikisi gümüş, biri bürünc medal olmaqla, ölkəmizə beş medal qazandırıblar. Bundan başqa, Xaçmaz idmançıları respublika yarışlarında müxtəlif əyarlı 43 medala layiq görülüblər.
Görüşdə iştirak edən idmançılar, eləcə də onların məşqçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda müxtəlif yarışlarda uğur qazanan idmançılara, eləcə də onların məşqçilərinə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.