İQTİSADİYYAT
Bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib
Bakı, 27 iyul, Elvin Camalov, AZƏRTAC
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində aparılan təmir işləri müddətində müntəzəm marşrut xətt avtobuslarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə bəzi marşrut xətlərinin son dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Dəyişikliyə əsasən şəhər mərkəzindən Bakı Beynəlxalq Avtovağzalı kompleksinə gedən 2, 7A, 13, 14, 29, 37 və 96 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının inzibati binasının qarşısındakı dayanacağadək hərəkət edəcək.
Ətraf yaşayış məntəqələrindən şəhər istiqamətində hərəkət edən 92, 102, 114A, 114B, 119, 135, 159, 170 və 199 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Bakı Beynəlxalq Avtovağzalı kompleksinədək hərəkət edəcək.
67 və 83 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar şəhər istiqamətinə gedərkən müvəqqəti olaraq Binəqədi şosesindən keçməklə hərəkət edəcəklər.
Sərnişinlərdən müvəqqəti dəyişikliyi anlayışla qəbul etmələri xahiş olunur.