CƏMİYYƏT


Bəzi mehmanxanalarda karantin rejiminin tələblərinin pozulduğu aşkarlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birlikdə mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-dən 13-dək Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 137 mehmanxanada reydlər keçirilib.

Reydlərin keçirildiyi 24 mehmanxanada Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əməl olunmaması və kobud pozuntu faktları aşkarlanıb. Fəaliyyətində nöqsanlar aşkarlanan mehmanxanalar barədə qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Keçirilən reydlər zamanı sahibkarlıq subyektlərinə, orada çalışan işçi heyətə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib və mehmanxanaların ictimai iaşə zonalarına xəbərdaredici, maarifləndirici lövhələr yerləşdirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həmin sahədə fəaliyyət göstərən sahibkarlara müraciət edərək bir daha bildirir ki, istehlakçıların və işçi heyətin sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

Hazırda mehmanxanalarda yoxlama-nəzarət, təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və koronavirusla effektiv mübarizənin davam etdirilməsi üçün hər bir sahibkarlıq subyektinin qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.