DÜNYA
Bəzi ölkələrdə yol vergisi
Bakı, 1 iyul, AZƏRTAC
İspaniyada yol vergisi qeydiyyat vergisi və mexaniki nəqliyyat vasitələrinin dövriyyəsi vergisi olmaqla iki növə ayrılır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu ölkədə qeydiyyat vergisi milli vergidir və dərəcəsi nəqliyyat vasitəsinin buraxdığı karbon-dioksiddən asılı olaraq 0 faizlə 14,75 faiz arasında dəyişir. Mexaniki nəqliyyat vasitələrinin dövriyyəsi vergisi isə
bələdiyyə vergisi hesab edilir və dərəcəsi regionlardan asılı olaraq dəyişir. Vergi nəqliyyat vasitəsinin at gücünə əsasən hesablanır.
Fransada 2006-cı ildən əvvəl alınmış avtomobillərə mühərriklərinin at güclərinə əsasən 750-4500 avro arasında yol vergisi tətbiq edilir.
Eyni zamanda, 2006-cı ildən sonra alınmış avtomobillərə vergi hesablanarkən onların buraxdığı karbon-dioksidin həcmi əsas götürülür və illik 2 avrodan 9 avroyadək vergi məbləği hesablanır.
ABŞ-da mühərrikli nəqliyyat vasitəsi vergisi, mühərrikli nəqliyyat vasitəsi satış vergisi, federal magistral yol vergisi, qeydiyyat vergisi və nəqliyyat vasitəsindən istifadə vergisi tətbiq edilməkdədir. Hər vergi üzrə dərəcələr ştatlara görə fərqlənir.