CƏMİYYƏT
Bəzi vasitəçi şirkətlər xarici ovçuların qiymətli quşları ovlamaları üçün şərait yaradırlar
Bakı, 14 dekabr, AZƏRTAC
Son dövrlər xarici ölkələrdən ölkəmizə gələn turistlərin ov turizminə marağı artıb. Bu da bəzən adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na salınmış şahinkimilər, bəzgək, dovdaq və digər nadir quş növlərinin onlar tərəfindən qeyri-qanuni ovlanması və tutulması ilə nəticələnir. Eyni zamanda, turistlərin bu marağından istifadə edən brakonyerlər həmin quş növlərini tutaraq cüzi ödənişlər müqabilində onlara satırlar. Bəzi hallarda vasitəçi şirkətlər xarici ölkələrdən gələn ovçular üçün ov icazələri alırlar və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş növlərin ovlanmasına şərait yaradırlar. Belə hallar aşkar edildiyi təqdirdə həmin vasitəçi şirkətlərlə əməkdaşlıq dayandırılacaq və onların turizm fəaliyyəti üçün lisenziyalarının ləğv edilməsi istiqamətində aidiyyəti orqanlara müraciət ediləcək. Vətəndaşlar, vasitəçi şirkətlər qiymətli quşların icazəsiz ovlanması məsələlərinə daha da məsuliyyətli yanaşsınlar və mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.
Departament direktorunun sözlərinə görə, vəhşi heyvanların istifadəsi və ya qanunsuz ovlanması üçün ödəmələrin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə əsasən tənzimlənir: “Bu normativ sənədə əsasən həmin quşların qeyri-qanuni ovlanması və tutulmasına görə təbiətə dəymiş ziyanın miqdarı bir baş şahin quşu üçün 1100 manat, bir baş bəzgək üçün 330 və dovdaq üçün isə 550 manat müəyyən edilib. Eyni zamanda dövlət təbiət qoruqlarının ərazilərində və milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri qanunsuz olaraq məhv olunar və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər bir növ üçün vəhşi heyvan növü üzrə təyin olunmuş məbləğin üçqatı ölçüsündə hesablanacaq. Yəni bu məbləğ şahin quşu üçün 3300 manat, bir baş bəzgək üçün 990 və dovdaq üçün isə 1650 manat hesablanır. Beləliklə, bir baş şahin quşunun qeyri-qanuni ovlanması və tutulması artıq cinayət tərkibi yaratmış olur. Bəzgək və dovdaq quşlarına gəldikdə isə onların xüsusi mühafizə olunan təbiət ərazilərində 1 başının, digər ərazilərdə isə müvafiq olaraq 2 və ya 3 başının ovlanması cinayət tərkibi yaradır”.