CƏMİYYƏT


Bəzi yerlərdə su hövzələrinin neft və neft məhsulları ilə çirklənməsi qeydə alınır

Bakı, 19 yanvar, AZƏRTAC

Bəzi yerlərdə yeraltı və yerüstü su hövzələrinin neft, neft məhsulları, lay suları ilə çirklənməsi, tullantıların düzgün idarə olunmaması halları qeydə alınır.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə heyətinin sədri Mirsalam Qənbərov ölkə ərazisində və ərazi sularında karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair keçirilən görüşdə deyib. M.Qənbərov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii sərvətlərin səmərəli istifadəsi, bərpası, mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər görür, ölkənin bütün regionlarında, o cümlədən Abşeron yarımadasında ekosistemin - havanın, torpağın, yeraltı və yerüstü suların təbii keyfiyyətinin bərpa olunması üçün tullantı sularının təmizlənməsi, çirklənmiş torpaqların rekultivasiya edilməsi işlərini xüsusi diqqət mərkəzində saxlayır. Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli prosesində əmələ gələn tullantıların müvəqqəti saxlanılması və utilizasiyası sahəsində müəyyən problemlər qalmaqdadır: “Belə ki, bəzi yerlərdə hələ də torpaqların, yeraltı və yerüstü su hövzələrinin neft, neft məhsulları, lay suları ilə çirklənməsi, tullantıların düzgün idarə olunmaması hallarına yol verilir. Lakin unutmamalıyıq ki, karbohidrogen ehtiyatlarının resurslarının hasilatı ilə məşğul olan müəssisələrdə yanaşmanın dəyişməsinə, ekoloji normativlər əsasında müvafiq təkmilləşdirmə tədbirlərinə ehtiyac var”.

Qeyd edək ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən keçirilən görüşdə SOCAR-ın baş ofisinin, strukturuna daxil olan qurumların, neft-qaz hasilatını həyata keçirən əməliyyat şirkətlərinin – ümumilikdə 20-dək müəssisədən 50-dək nümayəndə, habelə ekoloqlar və jurnalistlər iştirak ediblər.

ETSN əməkdaşları və neft-qaz sahəsində çalışan müəssisələrin nümayəndələri tərəfindən belə görüşlərin zəruriliyi yüksək qiymətləndirilərək, tərəflər arasında əməkdaşlığın gücləndirilməsi naminə gələcəkdə müzakirələrin həmin müəssisələrdə davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.