SİYASƏT


Bi-Bi-Si Rus Xidmətinin əyri eynəyi

Bakı, 16 noyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Bi-Bi-Si Rus Xidmətinin saytında dərc edilmiş “Qələbə vitrini. Müharibədən iki il sonra Qarabağda həyat necədir” sərlövhəli məqalədə (bax: https://sova.news/2022/11/10/vitrina-pobedy-kak-zhivet-karabah-cherez-dva-goda-posle-vojny/) Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirdiyi proqram qeyri-konstruktiv şəkildə tənqid edilir. Məqalənin müxtəlif abzaslarında, cümlələrində, hətta ayrı-ayrı sözlərində həqiqət təhrif edilir, ermənilərin işğal dövründə törətdiyi fəlakətli dağıntıların aradan qaldırılması, cansız məkanlara və “Marsın səthinə” çevrilmiş ərazilərin bərpası üçün həm Azərbaycan hökuməti, həm də ölkənin hər bir sakini tərəfindən göstərilən səylər heçə endirilir. Bu məsələnin nə qədər çətin olduğunu anlamaq üçün böyük müdriklik tələb olunmur. Bütün ərazini ölümsaçan minalardan təmizləmək, otuz il bundan əvvəl oradan qovulmuş sakinlərin bu gün başdan-başa “Karfagen”ə bənzəyən (və ya Ağdam haqqında deyilən kimi - “Qafqazın Xirosiması”na çevrilmiş) yerlərə qayıtmalarına imkan verən minimal infrastruktur və iş yerləri yaratmaq üçün nə qədər vaxt lazım gələcəyi barədə ehtimal söyləmək də çətindir.

Məqalənin ana xətti belə bir fikirdən ibarətdir ki, keçmiş məcburi köçkünlər guya oraya qayıtmaq “istəmirlər” və guya bu ərazilərdə sosial xidmətlər “yoxdur”. Aşkardır ki, müəllif tamamilə darmadağın edilmiş ərazilərə qayıtmış dövlətin üzləşdiyi çətinliklərin miqyasını, həmçinin indi həmin dövlətin həll etməli olduğu məsələlərin həcmini təsəvvür etmir.

Müəllif yazır ki, “illər boyu doğma torpaqlara qayıtmağı arzu edən insanlar hələ də məcburi köçkünlər üçün ümumi yataqxanalarda qalırlar – köçüb gedəsi yer yoxdur”. Bu fikri müəllifin faktları bilməməsi ilə izah etmək olar: keçmiş məcburi köçkünlər üçün ümumi yataqxanalar çoxdan yoxdur, bu insanların hamısı ayrıca mənzillərə köçürülüb. Onların demək olar ki, hamısı doğma yurdlarına qayıtmağı arzu edir, lakin bunu bir-iki il ərzində etmək qeyri-mümkündür, səbəbi də hamıya məlumdur – bu torpaqlar başdan-başa viran qoyulub. Əvvəlcə, infrastruktur yaratmaq, sonra evlər tikmək və insanları köçürmək lazımdır. Bu məqsədlə aeroportlar, yollar, yardımçı elektrik stansiyaları tikilir, su kəmərləri çəkilir. Müəllif yazır ki, ANAMA agentliyi tərəfindən bu ərazilərin minalardan tam təmizlənməsinə illər lazımdır. Görəsən, həmin müəllif keçmiş məcburi köçkünlərin hər tərəfdə minalar basdırılmış xarabalıqlara kütləvi şəkildə qaytarılmasını necə təsəvvür edir?! O, həmin ərazilərdə iş yerləri yaradılmadan orada yaşamağı necə təsəvvür edir? Təbii ki, əvvəlcə infrastruktur obyektləri, heç olmasa müəyyən istehsal sahələri, məktəblər və tibb ocaqları yaradılmalıdır və yalnız bundan sonra tədricən insanların doğma yurdlarına qaytarılmasına başlamaq olar.

Bütün işlər kompleks şəkildə həyata keçirilməlidir. Bir qadının ölümündən bəhs edilən epizodda müəllif faktiki olaraq özünün dediklərini inkar edir. O, əvvəlcə hakimiyyət orqanlarını suçlayır ki, burada evlər tikmək əvəzinə aeroportlar, məscidlər və başqa binalar ucaldılır, amma oradaca Ağalı kəndinə qayıtmış insanların sosial təminatı ilə bağlı çətinliklər barədə yazır. Yəni, bu işlərin eyni vaxtda görülməsinin nə dərəcədə çətin olduğunu müəllif özü də görür. Hər şeyi dərhal etmək mümkün deyil - xüsusən barbarların qoyub getdiyi vəziyyətdə. Aydın məsələdir ki, evlər tikilmədən keçmiş məcburi köçkünlər buraya qaytarılmayacaq – axı yaşamaq üçün yer lazımdır! Həmçinin iş yerləri, infrastruktur və sosial obyektlər yaradılmadan insanlar oraya köçürülməyəcək. Üçüncü tərəfdən, hətta bu sadalananların hamısı yaradılmış olsa belə, ətraf başdan-başa minalanıbsa və onların təmizlənməsinə 10-15 il vaxt lazımdırsa, insanlar necə qayıtsınlar, yaşamağa, işləməyə, oxumağa, müalicə olunmağa, məscidlərdə dua etməyə necə başlasınlar?

Müəllif öz gözləri ilə gördüklərinə əsasən hər şeyin nə dərəcədə qarşılıqlı əlaqəli olduğunu bilə-bilə reallığı təhrif edir. Guya keçmiş məcburi köçkünlər “qayıtmaq istəmirlər”. Keçmiş məcburi köçkünlər 30 il öz yurdlarına qayıtmağı arzu ediblər və indi onlar qayıdacaqları günü səbirsizliklə gözləyirlər, ağıllı Ağalı kəndinin sakinləri kimi. Əsas odur ki, torpaqlarımız işğaldan azad olunub və Böyük Qayıdış üçün şərait yaranıb.

O ki qaldı, müəllifin ermənilər tərəfindən tərk edilmiş Böyük Tağlar kəndində üzləşdiyi səfalət və dağıntıya, kimin təqsiridir ki, separatizmin hökm sürdüyü 30 il ərzində İrəvanın Qarabağ marionetləri burada yaşamaq üçün elementar şərait yaratmayıblar. Bəli, Qarabağ iqtisadi rayonunda rusiyalı sülhməramlılar kontingentinin müvəqqəti yerləşdiyi ərazidə erməni kəndlərinin miskin və səfil vəziyyəti danılmaz faktdır. Bunun səbəbini Qorbaçov “yenidənqurma”sının sonunda öz xalqını aldadanlardan və onlara separatizm infeksiyasını yoluxduranlardan soruşmaq lazımdır. Məscidlər, məbədlər murdarlanıb, onların divarlarına ağzına gələni yazıblar. Məsələn, məbədlərdən birinin divarında “Slavik + Anjela = Lyubov” sözləri yazılıb. Budur tarixi abidəyə erməni münasibəti!

Bu, bir həqiqətdir ki, Azərbaycan xalqı bəlkə də dünyada heç kəsin qarşılaşmadığı hədsiz mürəkkəb bir məsələ ilə üzləşib. Prezident İlham Əliyevin bu günlərdə dediyi kimi, erməni vandallar tərəfindən dağıdılmış ərazini ölkəmiz özü bərpa edir, kənardan kömək istəmir.

Kömək göstərmirsiniz – lazım da deyil! Özümüz bacararıq. Amma heç olmasa erməni işğalçıların qoyub getdiyi “Avgi tövlələri”ni təkbaşına təmizləməli olan ölkəyə və onun xalqına rəğbətlə yanaşın. Qoy, heç kəs şübhə etməsin ki, Azərbaycan bu məsələnin öhdəsindən şərəflə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.