İQTİSADİYYAT
“Bibiheybət” Gəmi Təmiri Zavodunda mülki müdafiə orqanlarının mülki müdafiə məşqi təşkil edilib
Bakı, 6 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məşqdə gəmiçiliyin rəhbər şəxsləri ilə yanaşı, Fövqəladə Hallar (FH) üzrə komissiya, Mülki Müdafiə (MM) Qərargahı, komandir-rəis heyəti, mülki müdafiə qüvvələri və ictimai asayişi qorumaq üçün zavodun 3 saylı hərbiləşdirilmiş mühafizə xidmətinin əməkdaşları da iştirak ediblər.
Əsas məqsəd zavodun ərazisində ehtimal olunan və ya baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili üzrə biliklərin təkmilləşdirilməsinə, rəhbər orqanların göstərişlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin müəyyənləşdirilməsinə, zavodun işçilərinin və ərazisinin mühafizəsinin təşkilinə, davranış qaydaları üzrə biliklərinin artırılmasına nail olmaqdan ibarətdir.
Məşqdən öncə ciddi hazırlıq işləri görülüb. Belə ki, süni fövqəladə hadisənin baş verəcəyi ərazi müəyyənləşdirilib, şərti yanğın və dağıntı ocaqları yaradılıb, şəxsi heyətə fərdi mühafizə vasitələri paylanılıb, şərti yaralılara ilkin tibbi yardım göstərilməsi üçün lazımi tibbi ləvazimatlar ayrılıb. Bundan başqa, məşqin iştirakçıları təhlükəsiz texnika qaydaları üzrə təlimatlandırılıb.
Təxminən bir saat davam edən məşq uğurla başa çatıb.
Qeyd edək ki, “Bibiheybət” GTZ-də rəhbər heyətin məşqi təcili məlumat cədvəli və FHN-in Səbail rayon FH və MM şöbəsinin göndərdiyi şərti siqnallar əsasında aparılıb.