ELM VƏ TƏHSİL
Bibiheybət və Bayıl sürüşmə zonaları tədqiq edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İclasda geoekologiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru Vaqif Məmmədovun “Azərbaycanın böyük göllərinin su ehtiyatları və biomüxtəlifliyinin qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, su mənbələri və su ehtiyatlarına istiqamətlənən antropogen təsirin öyrənilməsi, onların dəyişmə istiqamətlərinin proqnozlaşdırılması, insan məskəni və təsərrüfatı yaxınlığında yerləşən göllərdə hövzə, su kütləsi, dib çöküntüləri arasında baş verən maddələr və enerji dövranının öyrənilməsi ilə bağlı tədqiqatlar aparılıb. Abşeron yarımadasının reprezentativ göllərinin sahilə yaxın zonasında 40 metr dərinliyə kimi geofiziki üsullarla aparılmış tədqiqatlar nəticəsində litoloji quruluş və ekzogen geoloji proseslərin müasir vəziyyəti, onların inkişaf istiqamətləri proqnozlaşdırılıb. Bibiheybət braxiantiklinalı və Bayıl yamacı sürüşmə zonaları şaquli elektrik zondlama üsulu ilə tədqiq olunub, onların əmələgəlmə şəraiti, müasir vəziyyəti və inkişaf xüsusiyyətləri müəyyənləşdirilib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb, elmi şuranın qərarı ilə qəbul edilib.
Sonra 2016-cı ildə başa çatmış elmi tədqiqat işləri, o cümlədən bəzi mövzular üzrə araşdırmaların nəticələri müzakirə olunub.
Dissertasiyaların müdafiəsi üzrə şuranın, gənc alim və mütəxəssislər şurasının il ərzindəki fəaliyyətləri haqqında çıxışlar dinlənilib.