İQTİSADİYYAT
“Bibiheybətneft” NQÇİ-nin mədən ərazisindəki ağacların sayı 51,1 minə çatdırılıb
Bakı, 25 iyul, AZƏRTAC
"Azneft" İstehsalat Birliyinin (İB) "Bibiheybətneft" neft və qazçıxarma idarəsinin (NQÇİ) mədən ərazisindəki ağacların sayı 51 min 130 ədədə çatdırılıb.
"Ekol Mühəndislik Xidmətləri"ndən AZƏRTAC-a bildirilib ki, QSC-nin torpaqların rekultivasiyası departamenti (TRD) bu ilin ikinci rübündə SOCAR-ın "Azneft" İB-nin neft və qazçıxarma idarələrinin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini yüksək səviyyədə yerinə yetirib. Belə ki, TRD-nin kollektivi II rübün aprel ayında "Azneft" İB-nin "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində 1000 ədəd zeytun və 70 ədəd evkalipt ağacları əkərək, ərazidəki ağacların sayını 51 min 130 ədədə çatdırıb.
Hazırda TRD SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd, "Azneft" İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 51 min 130 ədəd, “Abşeronneft" NQÇİ-nin mədən ərazisində 13 min 524 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində 4 min 420 ədəd, departamentin inzibati binasının ərazisində (A-4, Zığ sahəsi) 4 min 453 ədəd (ümumilikdə 80 min 951 ədəd) müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir.
Bu ilin II rübündə 300 kvadratmetrlik istixana kompleksi də öz səmərəsini verib. Rüb ərzində yetişdirilmiş minlərlə müxtəlif bitki növləri yaşıllıqların bərpası üçün istifadə edilib.