REGİONLAR
Biçdiyi arpa sahəsinin yerində küncüt əkən Biləsuvar sakini 3,5 ton məhsul gözləyir VİDEO
Biləsuvar, 18 oktyabr, İ.Adıyev, AZƏRTAC
Biləsuvar rayon sakini Anar Abbasov bu il ilk dəfə olaraq təsərrüfatında əkdiyi küncütdən məhsul əldə edib. Təsərrüfat sahibi arpa sahəsini biçdikdən sonra yerində küncüt əkib.
AZƏRTAC xəbər verir ki, A.Abbasov iki hektar sahəyə cəmi 10 kiloqram toxum işlədib, əvəzində 3,5 ton məhsul götürməyi planlaşdırır. Az su tələb edən bu bitki, yayda cəmi 3 dəfə suvarılıb. Əkin zamanı taxılsəpən texnikadan istifadə olunsa da, məhsul yığımı əllə aparılır. Küncüt bitkisi bir-bir kəsilir, sonra topa halında bağlanaraq qurudulması üçün anbarlara daşınır.
Küncütü əsasən çörək və şirniyyat bişirən müəssisələr alır.
Bir kiloqramı 3-5 manata olan küncütün satışından 10 min manatdan çox gəlir götürməyi planlaşdıran fermer gələn il əkin yerini daha da genişləndirmək niyyətindədir.