CƏMİYYƏT


Biçindən sonra taxıl sahələrinin yandırılmaması üçün mütəmadi olaraq tədbirlər görülür

Bakı, 18 may, AZƏRTAC

Hazırda mövsümün elə bir dövrüdür ki, taxıl sahələrinin biçindən öncə və sonra yanğın riskləri mövcuddur. Bununla əlaqədar olaraq fermerlər arasında mütəmadi olaraq maarifləndirilmə aparılır. Ötən il olduğu kimi bu il də belə tədbirlərə start vermişik.

AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Elmin Rəhmanov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, biçilməmiş taxıl sahələrində də yanğınlar olur ki, bu da adətən vətəndaşların bilməyərəkdən siqaret kötüklərini və ya digər tezalışan maddələrin həmin ərazilərin yaxınlarına atılması nəticəsində baş verir: “Bunlar fermerin özündən asılı olan yanğın riskləri deyil. Buna görə də vətəndaşların da maarifləndirilməsi vacibdir. Çünki indiki dönəmdə taxıl sahəsi çox tez alışan ərazidir.

Taxıl sahələrinin biçildikdən sonra fermerlər tərəfindən yandırılması halları da yanğına səbəb olur ki, bunun qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri aparılır. Əvvəlki illərdə taxıl sahələri biçildikdən sonra onun yerinə növbəti əkini aparmaq üçün adətən həmin sahələr yandırılırdı. Sahələrin yandırılması torpağın münbit qatına mənfi təsir edir. Həmin ərazilər yandırılmaq yerinə şum aparılaraq növbəti əkin həyata keçirilə bilər. Qabaqlayıcı tədbir kimi artıq 3 ildir ki, ölkəyə samandoğrayıcısı olan 300-dən çox kombayn gətirilib. Eyni zamanda, bunun təşviqini də həyata keçirdirik ki, ölkəyə kombayn gətirən digər şirkətlər də samandoğrayıcısı olan kombaynlara üstünlük versinlər. Məqsəd taxıl sahələri biçildikdən sonra yerdə qalan samanın yandırılması zərurətinin yaranmamasına nail olmaqdır. Digər bir məsələ, biçin dövründə taxıl sahələrində işləyən bütün texnikaların texniki yanğın təhlükəsizliyinə cavab verməsidir. Bununla əlaqədar olaraq hər il mexanizatorlar maarifləndirilir, onlar üçün xüsusi təlimlər keçirilir. Eyni zamanda, kombaynların hamısı yanğın mühafizə vasitələri ilə təmin olunur və bundan sonra biçinə cəlb edilirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.