ELM VƏ TƏHSİL
“Big Data” texnologiyaları ilə bağlı alqoritmlər işlənilir
Bakı, 15 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Big Data” texnologiyaları ilə bağlı alqoritmlər işlənilir.
Bu barədə institutun elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə ötən 6 ay ərzində aparılan elmi tədqiqatlar barədə məlumat verib. R.Alıquliyev “Big Data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi”, “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün klasterləşdirmə alqoritmlərinin işlənilməsi”, “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” və s. mövzular üzrə tədqiqatlar aparıldığını diqqətə çatdırdı. O, bildirib ki, 6 ay ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science”, “Scopus” və digər elmi bazalarda (EBSCO, DBLP, ACM, Google Scholar və s.) indeksləşən jurnallara 6 məqalə təqdim olunub.
Beynəlxalq elmi əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən R.Alıquliyev Avstraliya Federasiya Universiteti ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini söyləyib. Qeyd edib ki, bu elmi qurumun alimləri ilə birgə elmi araşdırmalar aparılır, əməkdaşlığın nəticəsi olaraq məqalələr hazırlanır.
Alim, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı haqqında danışıb. Rəhbərlik etdiyi şöbənin elmmetrik göstəricilərini diqqətə çatdıraraq, əməkdaşların əsərlərinə cari ildə 347, son 5 ildə 2903, ümumilikdə isə 4865 istinad olunduğunu bildirib.
Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirib. Şöbədə mühüm problemlər üzrə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.