ELM VƏ TƏHSİL
“Big data” mühitində anomaliyaların aşkarlanması üçün yeni metodlar təklif olunub
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatın həmmüəllifi olduqları “Birləşməyə əsaslanan böyük məlumatlarda anomaliyanın aşkarlanması” sərlövhəli məqalə ABŞ-ın “International Academic Press” nəşriyyatında çap olunan “Statistics, Optimization & Information Computing” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Böyük verilənlər (“big data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi əsasında yazılıb.
“Statistics, Optimization & Information Computing” jurnalı “Scopus” (Elsevier), “Crossref”, “Google Scholar”, DOAJ və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.