SİYASƏT


Bilal Dündar: 15 sentyabr - bizim şanlı tariximizin ən parlaq səhifələrindən biridir

Bakı, 13 sentyabr, AZƏRTAC

1918-ci il sentyabrın 15-i tarixə Bakının erməni-bolşevik işğalından azad edildiyi gün kimi yazılıb. Yüz il əvvəl qazanılmış bu tarixi zəfərdə mühüm rol oynayan Qafqaz İslam Ordusunun xidmətləri daim xatırlanır və xatırlanacaq. Çox qısa bir müddətdə - 1918-ci ilin 10 iyulundan 1918-ci ilin 27 oktyabrınadək fəaliyyət göstərən bu ordunun sıralarında Anadolu və Azərbaycan türkləri, həmçinin ləzgilər, avarlar, kumıklar, acarlar çiyin-çiyinə vuruşurdu. Adından da göründüyü kimi, vəzifəsi Azərbaycanı və Şimali Qafqazın müsəlman xalqlarını əsarətdən xilas etmək olan Qafqaz İslam Ordusunun himayədarı Ənvər paşa, ən məşhur komandirləri Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları idi. Həmin dövrlərdə Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq, azərbaycanlı qardaşlarının köməyinə yetişdi. Əvvəlcə 12-14 min Osmanlı əsgərindən ibarət Qafqaz İslam Ordusu yenicə yaranmaqda olan Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birləşdi, sonradan Dağıstan müsəlmanlarından ibarət könüllülərin qoşulması ilə sayı təqribən 20 min nəfərə çatdı. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə yaradılmış Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrınadək misilsiz fədakarlıqlar göstərdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. Qafqaz İslam Ordusunun tarixindən bəhs edən Federasiya sədri 1918-ci ilin martında daşnak-bolşevik cəlladlarının Bakıda, Şamaxıda və Azərbaycanın digər yerlərində törətdikləri dəhşətli qırğınları xatırladıb: “Bu vəhşiliyin qarşısını almaq üçün Gəncədə yerləşən Qafqaz İslam Ordusu erməni- bolşevik quldur dəstələrinin əlində olan Qaraməryəm, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı və digər əraziləri sürətlə təmizlədilər. Qarşıda ən möhtəşəm vəzifə dayanırdı: Azərbaycanın ürəyi - Bakı yağılardan təmizlənməli idi. Bakı müzəffər ordunun yolunu gözləyirdi. 1918-ci il sentyabrın 15-i Qurban bayramına təsadüf edirdi və Ənvər paşa göstəriş vermişdi ki, Bakı bu müqəddəs gündə azad olunmalıdır”.

Tarixi faktlara əsaslanan Bilal Dündar qeyd edib ki, orduya rəhbərlik edən Nuru paşa asayişi təmin etmək üçün əvvəlcə Gəncədəki ermənilərdən silahların toplanması əmrini verdi. Xəbərdarlıqlara əhəmiyyət verməyən erməni məhəlləsi 10 iyunda gecə yarısı mühasirəyə alındı və Qafqaz İslam Ordusu Azərbaycanda ilk şəhidlərini bu döyüşlərdə verdi. Şəhidlər silahdaşlarının və xalqın çiyinlərində təntənəli bir mərasimlə Gəncə məzarlığında torpağa tapşırıldı. Sonra bu ordu Gəncədən Bakıyadək çətin və şərəfli döyüş yolu keçdi. Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni quldur dəstələrindən xilas etməsi şanlı tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, birliyimizin və qardaşlığımızın sarsılmazlığına əyani sübutdur. Bu qanlı döyüşlərdə 1130 türk əsgəri həyatını Azərbaycan naminə qurban verdi.

Böyük tarixi sınaqlardan keçmiş Azərbaycan-Türkiyə dostluğundan danışan Bilal Dündar onu da qeyd edib ki, bu qardaşlığın dünyada analoqu yoxdur. Bizim sevincimiz də, kədərimiz də birdir. Qədirbilən Azərbaycan xalqı Qafqaz İslam Ordusunun və Nuru Paşanın bu vətən üçün etdiklərini heç bir zaman unutmur. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri şair Əhməd Cavadın bu tarixi zəfərdən ilham alaraq yazdığı “Çırpınırdın Qara dəniz” şeirindən bir neçə misra söylədi:

Çırpınırdın Qara dəniz,

Baxıb Türkün bayrağına!

"Ah!..." deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına.

Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır gəldi, gedən,

Yol ver Türkün bayrağına!...

Bilal Dündar Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Qafqaz İslam Ordusuna verdiyi yüksək qiyməti xüsusi vurğulayıb. Azərbaycan Prezidenti həmin görüşdə deyib: “Biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq.”

“Birliyimizin təzahürü olan digər tarixi məqamlar da yaşamışıq, - deyə Bilal Dündar məşhur Çanaqqala müharibəsini xatırladıb. - Azərbaycanın igid oğulları da Osmanlı dövlətinin çətin vaxtlarında həmrəylik nümayiş etdirərək onun köməyinə yetişmişdilər. Tarixi faktlara görə, 2 minə qədər azərbaycanlı Böyük Britaniya ordusunun Çanaqqalaya hücumunun qarşısını alarkən şəhid oldu. Çanaqqalada şəhid olmuş azərbaycanlı döyüşçülərin adı mərmər-qranit abidəyə həkk edilib və böyük qürur doğurur”.

Bilal Dündar fikrini belə tamamlayıb: “İllərin sınağından keçən Türkiyə-Azərbaycan dostluğu bu gün dünyada bənzəri olmayan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyasının birliyinin əsasını qoymuş Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik xalqlarımızın qardaşlığını və dostluğunu daha da möhkəmləndirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.